03.05.16-cı il tarixdə BDU-da Fizika fakültəsi “Fiziki elektronika” kafedrasının müdiri, fakültə Tədris-Metodiki Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Şahvələd oğlu Abdinovun 70 illik yubiley tədbiri keçirilmişdir. Yubiley tədbirini giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq, yubilyarın həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verdi. Rektor, akademik Abel Məhərrəmov 70 illik həyatının 53 ili Bakı Dövlət Universiteti ilə bağlı olan alimi təbrik edib, onun Azərbaycan elmi və təhsilindəki xidmətlərindən bəhs edib, yubilyarı BDU-nun fəxri fərmanı ilə təltif edib. Daha sonra yubilyarın həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti haqqında Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov ətraflı olaraq çıxış etdi. Prof. Məhəmmədəli Ramazanov qeyd etdi ki, elmi dərəcəli kadrların – magistrlərin, elmlər namizədlərinin (fəlsəfə doktorlarının), elmlər doktorlarının hazırlanması işində o böyük təcrübəyə və təqdirəlayiq xidmətlərə malikdir. Indiyədək professor Ə.Ş.Abdinovun elmi rəhbərliyi altında 15-ə qədər magistr, 30-a qədər namizədlik (fəlsəfə doktoru) və 8 elmlər doktoru dissertasiyası yerinə yetirilmişdir. Prof. Ə.Ş.Abdinov elm sahəsindəki xidmət və nailiyyətlərinə görə 1976-cı ildə Respublika Komsomolu Mükafatı Laureatı adına, 1993-cü ildə isə Beynəlxalq Soros Fondu Mükafatına layiq görülmüş, 2009-cu ildə İngiltərədə fəaliyyət göstərən Bey-nəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin tədqiqatçısı”, ABŞ-dakı Beynəlxalq Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” medalları ilə təltif edilməşdir. Onun müxtəlif illərdə aldığı elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilmiş, Təhsil Nazirliyinin mükafatlarına layiq görülmüşdür. Sonra təbrik üçün söz qonaqlara verildi. Milli Nüvə Tədqiqatları Mərkəzinin Sədri akademik Adil Qəribov, Rəssamlar İttifaqının Sədri Fərhad Xəlilov, Fizika İnstitunun Direktor Müavini professor Ayaz Bayramov, Azərbaycan Pedaqoji Unversitetinin Prorektoru professor Asəf Zamanov, BDU-nun Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Tahir Pənahov, Azərbaycan Neft və Sənaye Universitetinin Fizika kafedrasının müdiri, professor Qafar Həsənov çıxış edərək yubilyarı təbrik etdilər. Abdinovlar ailəsi adından AMEA-nın Fizika İnstitutunun direktor müavini akademik Cavad Abdinov çıxış edərək yubilyar haqqında xatirələrini danışdı və belə bir tədbirin keçirilməsinə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirdi. Təbrik üçün söz yubilyarın nəvəsi Əhməd Abdinova verildi. Nəvə Əhməd Abdinov baba Əhməd Abdinovu təbrik etdi. Sonda professor Əhməd Abdinov yubileyin təşkili və təbriklər üçün BDU-nun rektoru akademik A.M.Məhərrəmova, Fizika fakültəsinin dekanı professor M.Ə.Ramazanova və yubiley tədbirinin iştirakçilarına öz dərin təşəkkürünü bildirdi.