Home Aze Ru Eng

Qəlblərdə yaşayan Alim

03/01/2019

QƏLBLƏDƏ YAŞAYAN ALİM 

( Yüz illik yubileyinə həsr olunur)

Hər bir xalqın gələcəyi onun elm və təhsilinin inkişafı ilə şərtlənir.  Xalqın milli sərvəti səviyyəsinə ucalmaq, qürur mənbəyinə çevrilmək çox az sayda həqiqi ziyalıya nəsib olur. Elmdə məktəb yarada bilən ziyalılar bu sıradandır. XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan  xalqının maariflənməsində, ziyalı təbəqələrinin formalaşmasında Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır. Bu günkü inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasının intellektual potensialının formalaşmasında, ölkəmizin digər nüfuzlu ali məktəblərinin və AMEA-nın kadr potensialının formalaşmasında Bakı Dövlət Universitetinin payı əvəzsizdir. Azərbaycan və dünya elminə çoxlu sayda elm və siyasi xadimlər verən BDU özünün 100 illik yaşında öz tarixi missiyasını yenə davam etdirir. Azərbaycanda elmi məktəblərin təşəkkülündə, fundamental elm sahələrinin inkişafında Bakı Dövlət Universitetinin rolu  əvəzsizdir və onlarla dəyərli alim yetişmişdir. Elmin belə yüksək zirvələrini  fəth etmiş alimlərdən biri də Azərbaycanda nəzəri fizika elmi məktəbinin yaradıcısı kimi respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi   Abdulla İbrahim oğlu Muxtarov olmuşdur. İnsan övladı bu dünyaya  bir qonaq kimi gəlir, müvəqqəti bir ömür yaşayır. Bu təbiətin qanunudur. Lakin öz fəaliyyətilətilə o, xatirələrdə qalıbsa, xalqını, vətənini sonsuz məhəbbətlə sevibsə, gənc nəslin təlim və tərbiyəsində, təhsilin və elmin inkişafında bütün imkan və bacarığını sərf edibsə, bütün şüurlu ömrünü bu amalla yaşamışsa, o daim yadaşlarda qalır və elm tarixində öz layiqli yerini tutur. Abdulla müəlim də məhz bu cür insanlardandır.

A.İ.Muxtarov 1918-ci ilin dekabr ayının 24-də Dağıstanın Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Abdulla müəllim At ilində oğlaq bürcündə dünyaya gəlmişdir. Bu bürc altında doğulanlar, şən xarakterli, ağıllı və istedadlı olurlar. Onlarda özlərinə inam hissi güclü olur, ətrafındakılara biganə qalmırlar. Etibarlı və dürüst olurlar. Oğlaqlar çox intizamlı olub, məqsədlərinə çatmaq üçün dayanıqlı bir şəkildə çalışırlar. Onlarda güclü bir yumor hissi olur. Yaxşı riyaziyyatçı, siyasətçi, elm adamı, memar və ya idarəçi ola bilərlər. Ailəsinə qarşı ciddi bir məsuliyyət duyarlar və ona görə də onlarda ailə bağları çox qüvvətli olur.

Abdulla müəllimin ulduz falı ilə həyat yolunu müqayisə etdikdə bir çox uyğunluqları açıq-aşkar sezmək olur.Erkən yaşında anasını itirən balaca Abdulla atası ilə birlikdə 1924-ci ildə Zaqatalaya köçmüşdür. Yeddi yaşı tamam olmamış o, Zaqatala şəhər 1 saylı məktəbin birinci sinfinə getmişdir. Sonra təhsilini Zaqatala Pedaqoji Texnikumunda davam etdirmişdir. Zaqatala Pedaqoji Texnikumu bölgənin qabaqcıl elm ocaqlarından biri idi və Abdulla müəllimin bu texnikumda dörd   illik təhsili onun bütün gələcəyi üçün yaxşı bir təməl olmuşdur.

1934-ci ildə o, Bakı Kənd Təsərrüfatı Texnikumuna daxil olur və 1939-cu ildə bu texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU ) fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul olunur.

1945-ci ildə universiteti əla qiymətlərlə bitirən Abdulla müəllim universitetin nəzdindəki fizika-riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmaga baəlayır.

Abdulla müəllim çox gənc yaşlarından başlayaraq istehsalatda çalışmışdır. O, texnikumda və universitetdə tələbə kimi oxumaqla yanaşı 1936-1938-ci illərdə “Azərnəşr” mətbəəsində, 1939-1941-ci illərdə “Kommunist” qəzetində, 1941-1944-ci illərdə isə “Qızil Şərq” mətbəəsində korrektor vəzifəsində işlənmiş, həm özünü,  də ailəsini maddi cəhətdən təmin etmişdir.

A.İ.Muxtarov ADU-nun aspirantı kimi Moskvaya göndərilmiş və 1947-ci ildə M.Lomonosov adına MDU-nun aspiranturasına daxil olmuşdur. Muxtarov apardığı elmi-tədqiqat işləri sayəsində böyük nüfuz qazanmışdır. O, Azərbaycanda nəzəri fizika elminin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Onun tədqiqatı nəticəsində bir sıra mühüm elmi nəticələr alınmışdır. Abdulla müəllim elmi rəhbəri A.A.Sokolovla birlikdə, fermionların uzununa polyarlaşmasını, fotonun isə xətti və dairəvi polyarlaşmasını hesablamaq üçün yeni üsul təklif etmişdir. Sonralar bu üsul  onun tərəfindən  ixtiyari polyarlaşmanı təsvir etmək üçün ümumiləşdirilmişdir. Abdulla müəllimin bu elmi işləri, kvant elektrodinamikasına həsr olunmuş monoqrafiyalara daxil edilmiş və dünya elm aləmində öz layiqli yerini tutmuşdur.

Zəif qarşılıqlı təsirdə cütlüyün saxlanmaması  nəticəsində fermionların spirallığa malik olması və müasir sürətləndiricilərdə kifayət qədər intensiv, yüksək enerjili fermion, bozon dəstələrinin alınması, polyarlaşmış zərrəciklərin kvant elektrodinamikasının yaradılması problemi mühüm əhəmiyyət kəsb edirdi. Bu məsələni həll etmək üçün Muxtarov-Sokolov üsulu ən əlverişli üsul idi. A.İ.Muxtarovun demək olar ki, bütün elmi fəaliyyəti bu məqsədə yönəlmişdir.

A.İ.Muxtarovun elmi işlərinin bir qismi pozitronium  atomuna, yüksək enerjili elektron-pozitron dəstələrinin fermionlara, hadronlara və eləcə də spini 3/2, 5/2, 7/2 olan yüksək spinə malik zərrəciklərə çevrilməsi prosesinin tədqiqinə həsr olunmuşdur. Bu işlərdə Abdulla müəllim qeyd olunan hadisələrin nəzəriyyəsini vermiş və aldığı nəticələr təcrübədə təsdiq edilmişdir.

1950-ci ildə “Pozitronium atomunun parçalanmasına iki zərrəcikdən ibarət sistemin spin hallarının təsiri”  mövzusunda namizədlik  dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Abdulla müəllim Bakıya qayıtmış və elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Nəzəri fizika kafedrasında davam etdirmişdir. Burada baş müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə qədər böyük bir elmi-pedaqoji yol keçmişdir. Məhz bu illərdə A.Muxtarov tərəfindən Azərbaycan nəzəri fizika elmi məktəbinin təməli qoyulmuşdur. O, yetirmələri olan gənc nəzəri fiziklərlə (S.A.Hacıyev, İ.M.Nəcəfov, F.S.Sadıxov, R.X.Muradov, S,Q,Abdullayev və s.) birlikdə elementar zərrəciklər və sahə nəzəriyyələrinin o dövr üçün  aktual olan məsələlərinin həllində dünya elminə öz töhvəsini vermişdir.

A.Muxtarovun sonrakı bütün səmərəli elmi və pedaqoji fəaliyyəti respublikanın qocaman elm və təhsil ocağı olan BDU ilə sıx baglı olmuşdur . O,1950-67-ci illərdə baş müəllim, dosent vəzifələrində işləmiş və 1967-ci ildən ömrünün sonuna qədər  BDU-nun nəzəri fizika kafedrasının professoru və məsləhətçi professoru vəzifəsində calışmışdır. Bütün bu illər ərzində o, intensiv elmi-tədqiqat işləri aparmışdır. Onun elmi araşdırmaları sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə etmişdir.  A.Muxtarov 1962-ci ildə doktoranturaya daxil olur və doktorluq dissertasiyasını tamamlamaq üçün Moskva Dövlət Universitetinə ezam olunur. O, 1964-ci ildə müvəffəqiyyətlə “Elektromaqnit və zəif qarşılıqlı təsirlərdə polyarlaşma və spin effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Bakıya qayıdır.

Abdulla müəllimin  aldığı elmi nəticələr 150 -dən çox məqalə şəklində xarici, keçmiş ittifaqın çox nüfuzlu jurnallarında və respublikanın jurnallarında çap edilmişdir. Bu məqalələr dünyanın tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilmiş və bir sıra monoqrafiyalara daxil edilmişdir: A.A.Соколов Введение в квантовую электродинамику, Москва, 1958; Methods of experimental Physics; v.513, Nuclear Physics, New-York-London, 1960; Methods of the determination of fundamental Physics quantites, New-York-London, 1963; və s.

A.İ.Muxtarov 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Onun rəhbərliyi altında  20 nəfər  fizika-riyaziyyat elmləri namizədi, 5 nəfər fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. Onun yetişdirdiyi nəzəriyyəçi fiziklər nəslinin nümayəndələri respublikanın müxtəlif elm mərkəzlərində, ali məktəblərində və həm də respublikadan kənarda müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

A.Muxtarovun Dağıstan və Orta Asiya regionu üçün yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi rolu vardır. Nəzəri fizikadan mühazirələr oxumaq üçün o, periodik olaraq Dağıstan (Mahaçqala), Aşxabad, Səmərqənd universitetlərinə və Düşənbə pedaqoji institutuna dəvət olunmuş və bu respublikalar üçün nəzəri fizika üzrə ixtisasçılar hazırlanmasında aktiv iştirak etmişdir.

Elmi-pedaqoji fəaliyyətilə yanaşı A.Muxtarovun respublikada ali və orta təhsil sisteminin təkmilləşməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında böyük rolu olmuşdur. 1965-67-ci illərdə ADU-nun fizika fakültəsinin dekanı vəzifəsində işlədiyi müddətdə o, nəzəri fizika kafedrasından üç yeni sərbəst kafedranın: bərk cisimlər fizikası, maddə quruluşu və kimyəvi fizika kafedralarının ayrılmasının təşəbbüskarı olmuşdur. 1967-1988-ci illərdə o, BDU-nun nəzəri fizika kafedrasının müdiri olmuşdur. O, fizikadan doktorluq dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının fizika üzrə ekspert şurasının sədri olmuşdur.  A.Muxtarov 20 ildən artıq Təhsil Nazirliyinin Elmi Metodiki Şurasına,  Respublika “Bilik” cəmiyyətinin fizika bölməsinə, məktəblilərin fizika üzrə respublika olimpiadasına başçılıq etmişdir. O Azərbaycan Ensiklopediyasının Elmi Redaksiyası Şurasının üzvü olmuşdur.Respublikanın həm ali və həm də orta təhsil ocaqları üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında prof.A.Muxtarovun böyük əməyi vardır.O, fizika fakültəsində uzun müddət nəzəri fizikanın bütün bölmələri və ixtisas fənləri üzrə mühazirələr oxumuşdur. Onun Azərbaycan dilində   “Statistik fizika” və “Kvant mexanikası” dərslikləri fizika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Abdulla müəllim yalnız tədris ilə kifayətlənməmiş, həm ali, həm də orta məktəb dərsliklərinin də ən fəal tərcüməçisi və redaktoru olmuş, uzun müddət orta məktəblərdə olimpiadaların keçirilməsinin təşəbbüskarı olaraq orta məktəb şagirdlərinə kömək məqsədilə “Fizikadan olimpiada məsələləri” adlı vəsaiti yazmışdır.

O, “Uşaqlar üçün Ensiklopediya” –nın (Fizika I, II) Azərbaycan nəşri üzərində işləyən müəlliflərdən biri və bu kitabın elmi redaktoru olmuşdur. Bu kitab orta məktəb şagirdləri üçün əvəzsiz hədiyyədir. O, həm də üç dildə - ingilis, rus və azərbaycan dilində  - Fizika terminləri lüğətinin hazırlanmasında iştirak edən işçi  qrupun üzvlərindən biri olmuşdur.

Abdulla müəllim həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba olmuşdur.

Abdulla müəllim 70 ilə yaxın bir müddətdə Bakı Dövlət Universitetində çalışmışdır. Bu heç də hamıya nəsib olmur. Abdulla müəllim universitet rəhbərliyi tərəfindən həmişə qayğı ilə əhatə olunmuşdur. Onun anadan olmasının 75, 80, 85, 90 illiyinə həsr olunmuş yubley tədbirləri təntənləri şəkildə keçirilmişdir. Bu tədbirlərdə universitetin professor-müəllim heyəti, tələbələr, respublikamızın digər aıli məktəblərindən və elmi tədqiqat institutlərından, ölkəmizin müxtəlif guşələrindən və Rusiyadan coxlu qonaqlar iştirak etmişdirlər.

Fizika elminin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə A.Muxtarov Azərbaycan Respublikası Ali Sovetinin “Fəxri fərmanı”na, SSRİ-nin “Şərəf nişanı” ordeninə, SSRİ-nin “Maarif əlaçısı” və Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür. Anadan olmasının 80 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi ilə əlaqədar olaraq ümummilli liderimiz H.Ə.Əliyev cənablarının fərmanı ilə A.İ.Muxtarov müstəqil respublikamızın yüksək mükafatına- “Şöhrət” ordeninə layiq görülmüşdür. Ona həm də Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdü verilmışdir

2013-cü ilin may ayının 17-də Azərbaycan elminə və təhsilinə ağır itki üz verdi. Azərbaycanda elm və təhsilin inkişafında böyük xidməti olan görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Abdulla İbrahim oğlu Muxtarov ömrünün 94-cü baharında vəfat etdi.  95  illik yubleyini  keçirmək ona nəsib olmadı.  Abdulla müəllim severək yaşadı və sevilərək bu dünyadan köçdü. Abdulla müəllim öz zəngin elm təhsil sahəsindəki fəaliyyəti ilə insanların qəlbində heykəlsiz möhtəşəm bir abidə qurdu və onun həyatı müstəqil Azərbaycan Respublikasının gənc nəsli üçün bir nümunədir. O, şirin bir xatirəıdək onu sevənlərin qəlbində  daim yaşayacaqdır.

 

BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov

BDU-nun Nəzəri Fizika kafedrasının müdiri, dos.Məmməd Rəcəbov

Bookmark and Share