Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Mexanika riyaziyyat və Fizika fakültələrinin birinci kurs tələbələri ilə görüşüb.Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. Rektor universitetin tarixi, inkişaf mərhələlərindən danışıb. Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor, ulu öndərin təhsil standartlarının təkmilləşdirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb.
Rektor bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü deyib. Əlavə edib ki, BDU-nun bakalavriat və magistratura səviyyəsinə 5800 nəfərin qəbul edilib və Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfər BDU tələbələri olub.
Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.