Home Aze Ru Eng

Şərəfli ömrün tarixi

10/09/2019

9 sentyabr 2019-cu il tarixində Azərbaycanın görkəmli astronom alimi, astrofizika üzrə elmlər doktoru, professor Rəhim Əyyub oğlu Hüseynovun  95 yaşı tamam olur.

Hörmətli alim çox keşmə-keşli həyat yaşamışdır, yoxsulluğu da görmüş, kədəri də. Onun həyat yolu bu günkü müstəqil Azərbaycanın gəncliyi üçün bir məktəbdir. Rəhim müəllim ağır bir şəraitdə yüksək səviyyəli, alicanab, bir şəxsiyyət kimi formalaşdı və dəyərli bir alim kimi astronomiya elminin ölkəmizdə təbliğində və inkişafında öz rolunu oynadı. Azərbaycan ziyalıları sırasında öz mövqeyi və şəxsiyyəti, dəst-xətti ilə tanınmış böyük alim, şərəfli bir ömür yolu keçərək astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının üzvü, respublikanın əməkdar müəllimi, professor adlarını qazandı.

Professor Rəhim Hüseynov 1924-cü ilin sentyabrında Şuşa şəhərində dünyaya gəlmış, vaxtında məktəbə getmək imkanı olmadığı üçün özündən 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə əvvəlcə təhsilini evdə alıb, öyrəndiklərini isə yaşlılar  "yoxlayıb" qiymət veriblər. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin IV sinfinə qəbul olunmuşdur. O,  1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirməyə başlayıb. 1940-cı ildə orta məktəbi əla qiymətlə başa vuraraq həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və  1946-cı ildə 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir.

İstedadlı məzun aspiranturada oxumaq üçün universitetdə saxlanımış və  1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və ADU-nun  respublikada Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədilə birgə elmi ekspedisiyanın iştirakçısı olur. 1953-cü ildən Pirqulu Astronomiya stansiyası və 1956-cı ildən fəaliyyət göstərən Astrofizika Rəsədxanasında "Günəş fizikası" şöbəsinin rəhbəri olan R.Hüseynov eyni zamanda Rəsədxanada elmi hissə üzrə director müavini təyin edildi. Rəsədxana yaranan ili onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş edilən Üfiqi Günəş Teleskopu alındı, quruldu və müvəffəqiyyətlə işə salındı. Bu işlərdə Rəhim müəllimin böyük rolu olmuşdur. Rəsədxanada işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim müəllimin rolu əvəzsizdir. Buraya rəsədxananın elmi-texniki bazasının yaradılması, yüksək ixtisaslı kadrların hazırlanması, dünyanın başqa rəsədxanalar və astronomiya ilə məşqul olan elmi mərkəzləri ilə əlaqəsinin yaradılması, elmi istiqamətlər üzrə tədqiqatların aparılması kimi kompleks məsələlər də daxil idi. 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov həmin peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur.

Rəhim müəllim 1953-cü ildə astrofizika üzrə elmlər namizədi, 1971-ci ildə isə elmlər doktoru dərəcəsi alan alimdir. Professorun elmi istiqaməti Astrofizika və radioastronomiya, Günəşin radiooptik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalanması, Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi, planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları olmuşdur.

Onun tədqiqat işlərinin nəticələri dünyanın ən mötəbər elmi mərkəzlərində məşhur alimləri  tərəfindən xüsusi qeyd olunmuşdur.

1969-cu ildə Rəhim Hüseynov Beynəlxalq Astronomiya İttifaqının üzvü seçilir. O bu ittifaqın ABŞ-da,yüksək dəyərləndirilmişdir. O astronomiya sahəsində Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarda iştirak etmişdir. Pulkovo Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslavakiya və Türkiyənin elm-təhsil mərkəzlərində və müəssisələrində dəfələrlə məruzələr etmişdir.

Professor Rəhim Hüseynov 1975-ci ildə Bakı Dövlət Universitetində təşkil olunmuş Astrofizika  kafedrasına 17 il rəhbərlik etmişdir. 1992-ci ildən ömrünün sonuna qədər BDU-nun professoru vəzifəsində çalışmışdır. Onun pedaqoji fəaliyyətini nəzərə alaraq 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Ömrünün 65 ilini Rəhim Hüseynov elmi-pedaqoji fəaliyyətə həsr etmiş, bir neçə namizədlik dissertasiyasının rəhbəri, bir nəfərin doktorluq işinin məsləhətçisi olub, 70-dən çox elmi məqalənin, 6 elmi kütləvi kitabın, bir neçə monoqrafiyaların, ali və orta məktəblər üçün dərsliklərin müəllifidir. "Astronomiya Terminləri Lüğəti"nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun adı ilə bağlıdır. Birinci həmmüəllifi və redaktoru olan doqquz min söz və ya sözbirləşmələrindən ibarət bu üçdilliyin - Azərbaycanca-Rusca-İngiliscə lüğətin sonunda Günəş və Ay təqvimləri haqqında daha dəqiq hesablamalara əsasən mühüm əlavələr verilmişdir.

Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən əsas cəhət onun məşğul olduğu problemləri dərindən bilməsidir. O, xalqını, Vətəni Azərbaycanı böyük məhəbbətlə sevirdi. "Günəş"in tədqiqatçısı olan Rəhim müəllim özü Günəşin bir parçası kimi hərarətli və nurlu bir şəxsiyyət idi.

Böyük alim olmaqla yanaşı, ölkəmiz üçün çox dəyərli olan ziyalı bir ailənin başçısı olmuşdur. Rəhim müəllimin yeganə övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. O, 2010-cu ilin əvvəlində 60 yaşında gözlənilmədən vəfat etmişdir. Bu itki Rəhim müəllimi həddindən artiq sarsıtmışdı.

Taleyin ağır zərbəsini bu müdrik insan mətanətlə qarşıladı, əyilmədi, sərtləşmədi, ürəyi daşa dönmədi. O, ipək kimi yumşaq xasiyyətə malik insan idi. İstedadlı alim, Rəhim Əyyub oğlu Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində dünyasını dəyişdi.
Rəhim müəllim öz zəngin elm təhsil sahəsindəki fəaliyyəti ilə insanların qəlbində heykəlsiz möhtəşəm bir abidə qurdu və onun həyatı müstəqil Azərbaycan Respublikasının gənc nəsli üçün bir nümunədir. O, şirin bir xatirəıdək onu sevənlərin qəlbində  daim yaşayacaqdır.

https://www.muallim.edu.az/news.php?id=7684

BDU-nun Fizika fakültəsinin dekanı:    prof. Məhəmmədəli Ramazanov

BDU-nun Astrofizika kafedrasının müdir əvəzi:    dos. Kəmalə Alışova

Bookmark and Share