Hər bir ölkənin inkişafının uğurlu olması bir neçə əmsalla qiymətləndirilir. Bu əmsallar içərisində elm və təhsil səviyyəsinin hansı göstərici ilə ifadə olunması çox mühüm rol oynayır. Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq əldə etmək üçün imkan yaradan əsas faktorlardan biridir. Ölkəmizdə də elm və təhsilin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də elm və təhsilin müasirləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olmaqdır. Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqələrinin formalaşmasında, elmi ənənələrinin zənginləşməsində Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır. Bakı Dövlət Universitetində Azərbaycanda elmi məktəblərin təşəkkülündə, fundamental elm sahələrinin inkişafında əvəzsiz rolu olan onlarla dəyərli alim yetişmişdir. Belə alimlərdən biri də respublikada elmin inkişafına töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, professor Sərhəddin Qubaddin oğlu Abdullayevdir.
S.Q. Abdullayev 1939-cu il aprel ayının 14-də Qusar rayonunun Piral kəndində anadan olmuşdur. Sərhəddin müəllim qoç bürcündə dünyaya gəlib. Bu bürc altında doğulanlar son dərəcə dinamikdirlər. Qoç bürcündən olan insanlar güclü və qətiyyətli şəxsiyyətlərdir. Onların həyata öz baxışları var, bir qədər döyüşkən və aqressivdirlər, eyni zamanda özünə əmindirlər. Bütün gücləri ilə qələbəyə doğru gedirlər və lazım olarsa, ilk zərbəni özləri vurarlar. Məqsədlərinə çatmaq üçün heç kimlə hesablaşmırlar, öz qərarları ilə hərəkət edirlər. İstəkləri də son dərəcə güclüdür. Elmi və elmlə məşğul olanları sevərlər. Hərəkətləri ani, reaksiyaları isə sərtdir. Qoç dünyaya cəngavərlik, canlılıq və həyatda qalma dəlili ilə silahlanmış olaraq gəlir. Sərhəddin müəllimin ulduz falı ilə həyat yolunu müqayisə etdikdə bir çox uyğunluqları açıq-aşkar sezmək olur.
Sərhəddin müəllim orta təhsilini doğma kəndində almış və məktəb yaşlarından fizika fənninə xüsusi maraq göstərmişdir. Məktəbi 1958-ci ildə nümunəvi şagird kimi bitirdikdən sonra fizik olmaq arzusu onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – BDU) fizika fakültəsinə gətirir. Sərhəddin müəllim Universitetdə təhsil alarkən bütün fənlərdən əla qiymətlər alır və Lenin təqaüdünə layiq görülür. 1963-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirir və 1963-1964-cü tədris ilində Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi vəzifəsində çalışır.
Azərbaycanda nəzəri fizika elmi məktəbinin yaradıcısı kimi respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Abdulla İbrahim oğlu Muxtarovun dəvəti ilə Sərhəddin müəllim aspiranturaya qəbul imtahanları vermək üçün 1964-cü ilin oktyabr ayında Bakıya gəlir. İmtahanları uğurla verən Sərhəddin müəllim Nəzəri fizika kafedrasının aspirantı olur və məhz Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcısı hesab olunan Abdulla Muxtarovun rəhbərliyi altında elmi fəaliyyətə başlayır.
Aspiranturanı bitirdikdən sonra S. Q. Abdullayev bir müddət maddə quruluşu kafedrasında assistent vəzifəsində çalışır, 1969-cu ilin noyabr ayında isə müsabiqədən keçərək öz arzusuna uyğun olaraq nəzəri fizika kafedrasında baş müəllim kimi elmi və pedaqoji fəaliyyətə başlayır.
S.Q. Abdullayev 1970-ci ildə Bakı Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şurada «Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi» mövzusunda dissertasiya işini uğurla müdafiə edir və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır.
S.Abdullayevin sonrakı bütün səmərəli elmi və pedaqoji fəaliyyəti respublikanın qocaman elm və təhsil ocağı olan BDU ilə sıx baglı olmuşdur . O, baş müəllim, dosent vəzifələrində işləmiş və hal-hazırda isə BDU-nun nəzəri fizika kafedrasının professoru vəzifəsində calışır. S. Q. Abdullayev nəzəri fizikanın müxtəlif sahələri üzrə (klassik elektrodinamika, elementar zərrəciklər fizikası, kvant elektrodinamikası, elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi və s.) mühazirələr oxuyur, gənc fiziklər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında gərgin əmək sərf edir. Bütün bu illər ərzində o, intensiv elmi-tədqiqat işləri aparmışdır. Onun elmi araşdırmaları sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir.
Sərhəddin müəllim keçən əsrin 80-90-cı illərində böyük nailiyyətlər qazanmış elektrozəif qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi olan Vaynberq-Salam modelinin (indi həmin model Standart Model adlanır) aktual problemlərinə dair elmi tədqiqat işi aparır. Onun tədqiqatı nəticəsində bir sıra mühüm elmi nəticələr alınmışdır. O, göstərmişdir ki, elektron-pozitron cütünün fundamental fermionlar cütünə annihilyasiyası prosesində spiral amplitudlar və elektrozəif asimmetriyalar keyfiyyətcə yeni xassələrə malikdirlər. İlk dəfə olaraq o, lepton-lepton, lepton-hadron və hadron-hadron toqquşmalarında baş verən müxtəlif proseslərdə elektrozəif asimmetriyaların tam şəkildə hesablanması üsulunu vermişdir; O, göstərmişdir ki, bütün elektrozəif asimmetriyalar (irəli-geri bucaq asimmetriyası, sağ-sol asimmetriya, fermionun uzununa polyarizə olunma dərəcəsi və s.) spiral amplitudlarla ifadə edilir, həm spiral amplitudlar, həm də elektrozəif asimmetriyalar toqquşan zərrəciklərin enerjilərinin müəyyən qiymətlərində sıfır nöqtələrinə malik olurlar. Sərhəddin müəllim tərəfindən alınmış elmi nəticələr sürətləndirici mərkəzlərdə aparılmış təcrübələrdə təsdiqlənmişdir.
S. Q. Abdullayev yerinə yetirdiyi elmi tədqiqatlar və aldığı elmi nəticələr əsasında Rusiyanın ən mötəbər jurnallarından biri olan «Физика элементарных частиц и атомного ядра» jurnalında «e–e+-annihilyasiyasında supersim Z'-bozonu» adlı icmal məqalə dərc etdirir. Sərhəddin müəllim 1996-cı il sentyabr ayının 18-də AMEA-nın Fotoelektronika İnstitutunun Elmi Şurasında «Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alır, müsabiqə yolu ilə Nəzəri fizika kafedrasının professoru vəzifəsinə seçilir.
S. Q. Abdullayev hal-hazırda Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru vəzifəsində çalışır, məzmunlu mühazirələr oxuyur, magistrlərin, doktorantların elmi işlərinə rəhbərlik edir, Beynəlxalq və Respublika səviyyəli konfranslarda çıxışlar edir, xarici jurnallarda məqalələr çap etdirir. Onun rəhbərliyi altında 30-dan çox namizədlik və magistr dissertasiyası işi müdafiə edilmiş, 380-a yaxın elmi və tədris metodiki əsəri çap olunmuşdur.
Respublikamız müstəqillik əldə etdikdən sonra elmin və təhsilin müxtəlif sahələrində ana dilində və latın qrafikası ilə yazılmış kitablara – dərslik, dərs vəsaiti və metodik vəsaitlərə yaranan tələbatı nəzərə alaraq prof. S. Q. Abdullayev orta və ali məktəblər üçün fizika sahəsində 120-dən artıq dərslik, dərs vəsaiti və metodik vəsait yazmışdır.
Professor Sərhəddin Abdullayev hazırda məhsuldar elmi və pedaqoji fəaliyyətlə yorulmadan məşğul olur. Onun son nəzəri tədqiqatları 2012-ci ildə Avropanın nüvə tədqiqatları mərkəzində Böyük Hadron Kollayderində kəşf edilmiş Hiqqs bozonun yaranma və parçalanma kanallarının tədqiqinə, fiziki xarakteristikalarının öyrənilməsinə həsr olunur.
Prof. Sərhəddin Abdullayev tez-tez orta məktəblərin və liseylərin (kimya-biologiya təmayüllü lisey, fizika-riyaziyyat və informatika təmayüllü lisey, «Zəkalar» liseyi, «Avropa» liseyi, «Gənc istedadlar» liseyi və başqaları) qonağı olur, müəllim-şagird kollektivləri ilə görüşür, onların verdiyi sualları cavablandırır, fizika gecələrində iştirak edir.
Professor Abdullayev artıq neçə illərdir ki, Respublikamızda keçirilən fənn olimpiadalarında Fizika fənni üzrə münsiflər heyətinin üzvü olaraq, istedadlı şagirdlərin aşkar olunmasında yaxından iştirak edir. Bu fəaliyyətinə görə Sərhəddin müəllim Təhsil Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
2017-ci ilin sentyabr ayının 15-də Sərhəddin müəllim istedadlı gənc mütəxəssislərin hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, lepton-lepton toqquşması zamanı elektromaqnit, zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi-publisistik əsərlərinə, dərs vəsaitlərinə, ölkədə Fizika-riyaziyyat elmlərinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə «Avropa Nəşr Mətbuat Evi» mükafat komissiyasının qərarı ilə «Qızıl medal»a layiq görülmüşdür . Bundan əlavə Sərhəddin müəllim «Qızıl Qələm» media mükafatı laureatıdır. Sərhəddin Abdullayev Azərbaycan Respublikası Təhsil nazirinin 2014-cü il 17 dekabr tarixli 11/1431 nömrəli əmri ilə «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir.
22 May 2018-ci ildə Abdullayev Sərhəddin Qubaddin oğluna Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü elmi adı verilmişdir.
Professor Sərhəddin Abdullayev BDU-nun ictimai həyatında da fəal iştirak edir. O, fizika fakültəsinin Elmi Şurasının və BDU nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Sərhəddin müəllimin ömür yolu onun inadlı əməyi, zəhməti və səyi nəticəsində şərəfli bir yol olmuşdur. O, bu gün də yorulmaq bilmədən gənclik enerjisi ilə elmi-pedaqoji fəaliyyətini davam etdirir, fizika elmini böyük həvəs və istəklə gənc nəslə öyrədir. Azərbaycanda fizika elminin və təhsilin inkişafında xidmətləri olan Sərhəddin müəllimin 80 yaşı və məhsuldar elmi fəaliyyətinin 55 ili tamam olur.
Səkkiz onillik ömür yolunu artıq arxada qoymuş Sərhəddin müəllimi yubileyi münasibəti ilə təbrik edir, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar və can sağlığı arzulayırıq.
Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov
Nəzəri fizika kafedrasının müdiri dos. Məmməd Rəcəbov