BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) təkcə fakültənin elmi həyatında deyil o cümlədən ölkənin ictimai həyatında xüsusilə də xeyriyyə tədbirlərində yaxından iştirak etməyi qarşısına məqsəd qoymuşdur. 09.03.13-cü il tarixdə cəmiyyət növbəti tədbirini keçirdi. Belə ki, bu dəfəki tədbir bir qədər fərqli olaraq Universitetdən kənarda, yəni Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən 7 saylı əqli qüsurlu uşaqlar üçün internat məktəbində baş tutdu. Qeyd edək ki, bu tədbir TEC-nin sədri R.N.İsmayılovanın rəhbərliyi və fakültənin I, II, III kurs tələbələri, magistrantların iştirakı ilə təşkil olunmuşdur. Ilk olaraq tələbələri internatın direktoru Afaq xanım qarşıladı. Direktorun verdiyi məlumata görə bu internat məktəbində 200-ə yaxın şagirdin təlim tərbiyəsi ilə 60-a yaxın müəllim və tərbiyəçi məşğul olur. Eyni zamanda burada bütün şagirdlər üçün hər cür şərait yaradıldığı qeyd olundu. Tədbirin təşkili hər zaman diqqətə ehiyacı olan uşaqların böyük sevincinə səbəb oldu. Tələbələrin təşkil etdiyi nahar fasiləsindən sonra uşaqlara hədiyyələr verildi və xatirə şəkilləri çəkildi. Tədbirin sonunda internatın direktoru Afaq xanım öz adından və müəllim kollektivi adından tələbələrə təşəkkür etdi, bu cür tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğuladı və belə tədbirlərin uzunömürlü olmasını arzuladı. Bu cür tədbirlərin gözəl ənənəyə çevrilməsi üçün TEC gələcəkdə də tələbələrinin və magistrların belə görüşlərdə müntəzəm iştirakını təşkil etməyi nəzərdə tutur.