Fizika fakültəsinin növbəti elmi seminarı 30 sentyabr saat 1030 -da auditoriya 437-də keçirilmişdir. Seminarda 2211.01. – “Bərk cism fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini аlmaq üçün, Mehdiyeva Rəfiqə Zabil qızının “Влияние температуры, давления и радиации на структуру и электрофизические свойства сегнетоэлектрических оксидов со структурами типа перовскита и тетраногальной калиево-вольфрамовой бронзы” mövzusunda məruzəsi dinlənilmişdir.
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin Şura üzvlərinin birinci kurs tələbələri ilə görüşü keçirilib. Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Akif Orucov birinciləri tələbə adı qazanmaqları münasibətilə təbrik edib və yeni tədris ilində uğurlar arzulayıb. Onları Tələbə Elmi Cəmiyyətinin əsasnaməsi ilə tanış edən A.Orucov Tələbə Elmi Cəmiyyətinin məqsəd və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Tələbə Elmi Cəmiyyətinin şura üzvləri çıxışlar ediblər. Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
XX əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı. Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 28 sentyabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Nərmin Cəfər qızı Hüseynovanın “Mezon və barionların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universiteti Fizika fakültəsinin doktorantı Almara Rəhimli Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparacaq. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu tərəfindən maliyyələşdirilir. Almara Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmus titan-dioksid nanohissəciklərini yeni metodla sintezi və xassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olacaq. Qeyd edək ki, Bakı Dövlət Universitetində son zamanlar doktorantların ikili rəhbər məsələlərinə xüsusi diqqət yetirilir. Doktorant Almara Rəhimlinin elmi rəhbərlərindən biri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, digəri isə Kumamoto Universitetinin professoru Hirotaka İharadır.
Bakı Dövlət Universitetinin akt zalında Fizika fakültəsinin 1-ci kurs tələbələri və onların valideynləri ilə fakültə dekanlığının, professor-müəllim heyətinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan dekan, professor Məhəmmədəli Ramazanov birinciləri təbrik edərək onlara uğurlar arzulayıb. Professor Məhəmmədəli Ramazanov universitetin və fakültənin tarixi, qazanılmış nailiyyətlər, görkəmli məzunlar, fakültədə tədrisin təşkili barədə geniş məlumat verib. Sonra tyutor Vüsal Məmmədov 1-ci kursun qrupları üzrə siyahıları elan edib.
Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) maliyyə dəstəyi ilə MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif MDB ölkələrindən 30-dək gənc alim iştirak edib.
Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara Rəhimli və Aydan Qəribli təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna xüsusi ekonomik zonası və Skolkov İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.
Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib.
Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.
Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru Sacidə Əbdülvahabova Azərbaycanın bir qrup nümayəndə heyəti tərkibində Londonda səfərdə olub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun Azərbaycan Milli Fəaliyyət Planının yazılmasında Böyük Britaniyanın təcrübəsinin öyrənilməsi məqsədilə reallaşan səfər çərçivəsində çoxsaylı görüşlər təşkil edilib. Belə ki, nümayəndə heyəti Böyük Britaniya Xarici İşlər Nazirliyində, London İqtisadiyyat və Siyasi Elmlər Universitetində, Royal Birləşmiş Xidmətlər İnstitutunda, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində və digər təşkilatlarda keçirilən görüşlərdə iştirak edib, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıb.
Iyunun 21-də Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Əvvəlcə dekan, professor Məhəmmədəli Ramazanov keçirilən seminarın mövzusu və əhəmiyyəti barədə məlumat verib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Fizika” kafedrasının müdiri, dosent Cahangir Hüseynov “Ln-Sn-S(Se) (Ln-Pr,Gd,Er,Dy) sistem ərinti və birləşmələrində elektron, fonon prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında yerinə yetirilmiş Bakı Avropa Liseynin X R1 sinif şagirdi Fidan İbrahimovanın elmi tədqiqat layihəsi I yerə layiq görülüb. BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 namizəd içərisindən qalib hesab edilərək mükafatlandırılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetində istedadlı şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir. Belə ki, 2008-ci ildən etibarən BDU-nun Nano Araşdırmalar laboratoriyasında istedadlı şagirdlərlə mütəmadi olaraq elmi tədqiqat layihələri hazırlanaraq beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edilir.
26 may 2017-ci il tarixdə BDU-nun Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ» XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransın açılışı BDU-nun Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Fizika fakültəsinin əməkdaşlarının və gənc tədqiqatçıların elmi tədqiqat sahələrində əldə etdiyi uğuları diqqətə çatdırmış, son illərdə BDU-nun elmi nailiyyətlərində fakultənin çox önəmli paya malik olduğunu, bir çox göstəricilərə görə universitet üzrə qabaqcıl yer tutduğunu qeyd etmişdir. Daha sonra konfransda bölmələr üzrə 84 məruzə ilə 90-dan cox magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Konfranda Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantları və doktorantları məruzələrlə iştirak etmişlər.
25 may 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra üçüncü kurs tələbəsi Cənnət Səmədov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin birinci kurs tələbəsi Məmmədli Əli "Süni intellektin təkamülü", birinci kurs tələbəsi Piriyeva Dilarə "Fizikanın xəritəsi" və birinci kurs tələbəsi Rüstəmli Çiçək "Dünyanın fiziki mənzərəsi" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, fakültənin müəllim və tələbələri iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 25 may 2017-ci il tarixdə saat 13.00-da 111 saylı auditoriyada Nərmin Cəfər qızı Hüseynovanın “Mezon və barionların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
16.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Ağayeva Aysel, Məmmədova Turanə, Məcnunova Fəridə, və Məmmədova Arzu apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
04 may 2017-ci il tarixində Bakı Dövlət Universitetində tələbələrin Fizikaya aid “Mənim elmdə ilk addımlarım” adlı II respublika elmi konfransı öz işinə başlayıb. Konfransı akademik Abel Məhərrəmovun adından BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıq elan edərək çıxış etmişdir. Daha sonra Fizika Fakultəsinin dekanı professor Məhəmmədəli Ramazanov çıxış edərək istedadlı tələbələrin aşkar edilməsi və bu konfransın beynəlxalq müstəviyə çıxarılması istiqamətində öz tövsiyələrini vermişdir. Konfrans işini Fizika-1, Fizika-2, Fizika -3 bölmələrində davam etdirib. Konfransın materialları dərc edilmişdir...
02.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Xuduyeva Hafizə, Hüseynova Şəfəq, Talıbova Aysel, Nadirova Gülnar, Əlizadə Lalə və Cəlilli Ümidə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
20-22 aprel 2017-ci iltarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığıRegional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.
20 Aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb. Sonra konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.