Kafedranın tarixi
Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrası universitetimizin qocaman kafedralarından biridir. Nəzəri fizika kafedrası 1940-ci ildə yaradılmış və uzun müddət respublikamızda nəzəri fizikanın inkişafında əhəmiyyətli rol oynamışdır. Ötən illər ərzində kafedrada onlarla elmlər namizadi və elmlər doktoru hazırlanmışdır. Ümumiyyətlə isə kafedranın yetirmələri xalq təsərrüfatının müxtəlif sahələrində, respublikamızın elmi mərkəzlərində və xarici ölkələrdə müvəffəqiyyətlə çalışırlar. Hazırda kafedrada bir nəfər AMEA-nın müxbir üzvü, üç nəfər fizika-riyaziyyat elmləri doktoru, professor, üç nəfər fizika-riyaziyyat elmləri namizəd, dosent, bir nəfər baş laborant və bir nəfər laborant çalışır.
Kafedranın ilk müdirləri dos. S.Q.Rıjanov və prof. V.Q. Dorfman olmuılar. Kafedranın elmi potensialının möhkəmləməsində, yüksək səviyyədə elmi kadrların yetişdirilməsində, kafedranın tədris və elmi fəaliyyətinin gücləndirilməsində kafedraya 1967-ci ildən 1988-ci ilə qədər rəhbərlik etmiş, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarovun əvəzsiz rolu olmuşdur.
1965-1967-ci illərdə nəzəri fizika kafedrasından üç yeni sərbəst kafedra: bərk cisimlər fizikası, maddə quruluşu və kimyəvi fizika kafedraları ayrılmışdır.
1988-ci ildən 2005-ci ilədək kafedraya f.r.e.d., prof. İsmət Məhəmməd oğlu Nəcəfov başçılıq etmişdir. Bu illər ərzində kafedranın elmi potensialı daha da möhkəmlənmiş, kafedranın bir sıra aspirantları namizədlik dissertasiyası müdafiə etmiş, iki əməkdaşı isə - S.Q.Abdullayev və R.X.Muradov müvəffəqiyyətlə doktorluq dissertasiyası mudafiə edərək kafedranın professorları olmuşlar.
2005-ci ildən 2006-cı ilədək isə f.r.e.d., prof. Rəsul Xanəli oğlu Muradov rəhbərlik etmişlər. Onun vaxtsız vəfatından sonra isə indiyədək kafedranın dosenti Məmməd Rəcəb oğlu Rəcəbov kafedra müdiri vəzifəsinində çalışır.
Hal-hazırda Nəzəri fizika kafedrasının 10 nəfər əməkdaşı:
1. kafed. müd., f.r.e.n., dos. Rəcəbov Məmməd Rəcəb oğlu
2. f.r.e.d., prof. Abdullayev Sərhəddin Qubaddin oğlu
3. f.ü.e.d., dos. Əhmədov Azər Inşalla oğlu
4. f.r.e.n., B/M. Məcid Şərafəddin oğlu Qocayev
5. AMEA müx. üzvü, f.r.e.d., prof. V.Hüseynov
6.f.r.e.d., Cəfərov Rauf Qədir oğlu
7.f.r.e.n. müəl. Qasımova Rəsmiyyə Eldar qızı
8. f.r.e.n., dos. Məmmədov Şahin Əlisəttar oğlu
9. baş laborant – Aslanova Səriyyə Məhəmmədəli qızı
10.laborant - Rəhimova Sevinc Malik q.
elm və tədris sahəsində və universitetin ictimai həyatında fəaliyyət göstərirlər.
Kafedranın əməkdaşları “Yüksək enerjilərdə elementar zərrəciklərin və nüvələrin xassələrinin strukturu və polyarizasiya xarakteristikalarının fundamental qarşılıqlı təsir proseslərində tədqiqi” mövzusunda elmi tədqiqat işləri apararaq həm yüksək, həm də orta enerjilər fizikasının müxtəlif problemləri ilə məşğul olurlar. Nəzəri fizika kafedrasının əməkdaşlarının apardığı problemlər həm MDB ölkələrində, həm də xarici dövlətlərdə tədqiq edilir. Tədqiq olunan problemlər üzrə kafedra əməkdaşlarının aldığı elmi nəticələr nüfuzlu elmi jurnallarda çap edilmiş, Beynəlxalq və respublika konfrans, müşavirə və seminarlarında məruzə edilmişdir. Kafedranın əməkdaşlarının aldığı elmi nəticələr hər il AMEA-nın illik hesabatına daxil edilir. Kafedrada ali təhsilin həm bakalavr, həm də magistr pilləsində müxtəlif ixtisas fənləri üzrə dərslər tədris olunur. Bakalavr təhsil pilləsində Klassik elektrodinamika, Kvant mexanikası və Elementar zərrəciklər fizikası,Relyativistik kvant mexanikası, magistr təhsil pilləsində isə Klassik sahələr nəzəriyyəsi, Kalibrləşmə sahələri nəzəriyyəsi, Kvant elektrodinamikası, Nəzəri fizikanın riyazi əsasları, Kvant xromodinamikası, Elektro-zəif qarşılıqlı təsir nəzəriyyəsi, Supersimmetriya, Hadron proseslərinin fizikası, Qrup nəzəriyyəsi, Kvant sahə nəzəriyyəsi, Bərk cisimlər nəzəriyyəsi, Atom nüvəsi nəzəriyyəsi, Unitar simmetriya, Elementar zərrəciklərin kinematikası, Fundamental qarşılıqlı təsirlərin xassələri,Qravitasiyanın klassik nəzəriyyəsi,Supersim nəzəriyyəsi və s. fənlər tədris olunur.Kafedranın əməkdaşları nüfuzlu elmi jurnallarda (Phys.Rev., Journal of Physics, İnt.J.modern Phys.,ЭЧАЯ, Ядерная физика, Известия РАН və s.) elmi məqalələr çap etdirmiş, Azərbaycan və rus dillərində onlarla dərslik, dərs vəsaiti, metodik vəsait və proqramlar buraxmışlar: A.İ.Muxtarov – “Kvant Mexanikası” (Azərb. və rus dillərində); F.S.Sadıxov – “Kvant mexanikası” I və II cild, “Kvant və yüksək enerjilər fizikası”, “Kvant mexanikası məsələlərdə”;S.Q.Abdullayev - “Klassik elektrodinamika” I və II hissə, S.Q.Abdullayev, M.Ş.Qocayev - “Klassik elektrodinamikadan məsələlər”; M.R.Rəcəbov, M.Ş.Qocayev – “Kvant mexanikasında xətti operatorlar”, A.İ.Əhmədov ”Kvant xromodinamikasına giriş” və c. S.Q.Abdullayev həm də fizika fənni üzrə orta məktəb dərsliklərinin hazırlanmasında yaxından iştirak etmiş və həmin dərsliklırin həmmüəlliflərindən biri olmuşdur. A.İ.Muxtarov və M.R.Rəcəbov rus dilində yazılmış iki cildlik “Uşaqlar üçün ensiklopediya.Fizika” kitabının Azərbaycan nəşri üzərində işləyən işçi qrupun üzvlərindən olmuşlar. Son beş ildə kafedranın əməkdaşları tərəfindən iyirmi dərslik, dərs vəsaiti, metodik vəsait, doqquz fənn proqramı hazırlanıb çapdan çıxmışdır: İ.M.Nəcəfov –“Müasir klassik elektrodinamika”, S.Q.Abdullayev- “Elektrik və maqnetizm”, “Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirində zəif cərəyan effektləri”, “ Elementar zərrəciklərin kinematikası”, V.A.Hüseynov- “Kvant elektrodinamikası” və s.
Kafedranın əməkdaşları “Nüvə fizikası”, Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu”, “Elementar zərrəciklər və hadron fizikası” və s. üzrə bir çox beynəlxalq konfrans və müşavirənin, respublikamızda keçirilən fizikanın akrual problemlərinə dair onlarla koinfransın iştirakçısı olmuş və elmi məruzələrlə çıxış etmişlər. Kafedranın əməkdaşları həmçinin respublikamızda keçirilən bir çox elmi konfransların təşkilində də yaxından iştirak etmişlər.
Son illərdə kafedranın əməkdaşları beynəlxalq və respublika səviyyəli bir neçə qrant almışlar. Dos. A.İ.Əhmədov Abdus Salam adına Nəzəri Fizika Mərkəzinin və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN)-nin, DAAD, TUBİTAK-Konuk Bilim İnsanı Dəstəkləmə qrantı,BDU-nun 50/50 və.s bir sira qrantlar almış, M.R.Rəcəbov isə BDU-nun 50/50 qrantını almışdır.
Kafedrada nəzəri fizikanın müasir problemlərinə dair elmi seminar fəaliyyət göstərir. Elmi seminarda kafedranın əməkdaşları tərəfindən alınan elmi nəticələr, nəzəri fizikanın müxtəlif problemlərinə aid elmi məqalələr və məlumatlar müzakirə olunur.
Kafedranın əməkdaşları həm BDU-da, həm də BDU-dan kənarda fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvləridirlər. A.İ.Muxtarov, İ .M.Nəcəfov, R.X.Muradov isə ayrı-ayrı vaxtlarda AAK-nın təşkil etdiyi nəzəri fizika, astrofizika, istilik fizikası və molekulyar fizika, yarımkeçiricilər fizikası ixtisasları üzrə dissertasiya şurasının sədri olmuşlar. Bundan əlavə prof. İ.M.Nəcəfov və R.X.Muradov ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Metodiki Şurasına rəhbərlik etmişlər. Prof.S.Q.Abdullayev isə hal-hazırda həmin şuranın üzvüdür. Kafedranın professorları A.İ.Muxtarov, İ.M.Nəcəfov, R.X.Muradov müxtəlif illərdə BDU-nun Elmi Şurasının və fizika fakültəsinin elmi Şurasının üzvləri olmuşlar.
Kafedranın bütün əməkdaşları Universitetin və fizika fakültəsinin ictimai həyatında həmişə fəal iştirak etmişlər.Hal –hazırda kafedranın professorları S.Q.Abdullayev,R.Q.Cəfərov BDU-da fəaliyyət göstərən D 02.012 Dissertasiya Şurasının üzvüdür, dos. M.R.Rəcəbov isə həmin Şuranın elmi katibidir. Kafedranın əmşkdaşları S.Q.Abdullayev və M.R.Rəcəbof Fizika fakültəsi Elmi Şurasının üzvüdür.
MDB-nin və xarici ölkələrin bir qismində, o cümlədən ABŞ, Almaniya, Rusiya və Türkiyənin elmi mərkəzlərində və müxtəlif universitetlərində nəzəri fizika kafedrasının yetirmələri müvəffəqiyyətlə çalışırlar.
Kafedrada uzun müddət işləmiş, lakin dünyasını dəyişmiş, ya da müxtəlif səbəblərdən kafedradan getmiş tanınmış alimlərin kafedranın uğurlarında əvəzsiz xidmətləri olmuşdur. Kafedraya uzun müddət rəhbərlik etmiş, AMEA-nın müxbir üzvü A.İ.Muxtarovun, AMEA-nın müxbir üzvü İ.M.Nəcəfovun bu uğurlarda xüsusi payları vardır. A.İ.Muxtarov uzun müddət kafedranın müdiri, fizika fakültəsinin dekanı olmuş. Ömrünün sonunadək kafedrada professor, məsləhətçi professor vəzifələrində çalışmışdır. Prof. İ.M.Nəcəfov da on ildən cox müddətə kafedraya başçılıq etmiş, ömrünün sonunadək kafedranın professoru vəzifəsində çalışmışdır. F.r.e.d., prof. R.X.Muradov uzun müddət kafedrada çalışmış, fizika kafedrasının dekanı olmuş, BDU-nun prorektoru və nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışmışdır. F.r.e.d., prof. F.S.Sadıxov da uzun müddət nəzəri fizika kafedrasının professoru olmuş, “Yüksək Enerjilər Fizikası” ETL-nin müdiri vəzifəsində çalışmışdır. F.r.e.d., prof. Ə.V.Cavadov da kafedranın aparıcı professorlarından olmuşdur. Bu professorlar uzun müddət kafedrada çalışmış və bir çox elmi məqalələrin və dərs vəsaitlərinin müəllifləri olmuşlar.
F.r.e.n. V.Z.Mustafayev və f.r.e.n. S.B.Musayev kafedrada çalışmış və kafedranın uğurlarında onların da az əməyi olmamışdır. Hal-hazırda onlar müxtəlif səbəblər üzündən kafedrada çalışmırlar.
Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə kafedranın əməkdaşlarından A.İ.Muxtarov, “Şöhrət” ordeninə və əməkdar elm xadimi adına, İ.M.Nəcəfov “Şöhrət” ordeninə və əməkdar müəllim adına, R.X.Muradov isə “Tərəqqi” medalına layiq görülmüşlər. Prof. A.İ.Muxtarov həm də Prezident təqaüdçüsü olmuşdur.
FOTO-TARİX